")
təvazökarlıq və təslim
Mənəvi virtues Nasir Məkaryan

Tərbiyənin mühüm metotlarından biri nümunə metodudur, çünki tərbiyə olunan şəxsin rəftar və əxlaqının formalaşmasında nümunəvi şəxsin təsiri dəfələrlə digər məsələlərdən artıqdır. İslam da bu metoda həddən artıq əhəmiyyət vermiş və Quranda ayələrin bir qismi müxtəlif şəraitlərdə səlahiyyət və şəxsiyyətlərini nəzərə çarpdıraraq (büruzə verərək) diqqət mərkəzində dayanma haqqını sübuta yetirmiş monoteist (təkallahlı) və imanlarında sabitqədəm olan qadın və kişiləri tanıtdırmağa həsr olunmuşdur. Bu əhəmiyyət daşıyan məsələyə nail olmaq üçün müəllif qeydlərində fərdlərin təvazökarlıq və təslim nümunələrini bəyan etmək məqsədini izləyir ki, ona diqqət yeritməklə düşüncə sahiblərində kamal və qurtuluşa doğru kiçik bir qapı açılsın.

Nasir Məkaryan

 

Əliyyibni Cəfər (ə) məsum imamların müqabilində təvazökarlıq və təslim nümunəsi

Dünyaya gəlməsi

Əliyyibni Cəfər ibn Məhəmməd ibn Əliyyibnil-Hüseyn (ə) altıncı imam olan imam Sadiqin (ə) övladlarından, imam Müseyi-Kazimin (ə) qardaşı və hicri-qəməri ikinci əsrin sonları və üçüncü əsrin əvvəllərində şiənin mötəbər ravilərindən idi.

Tarix və rical kitablarında o həzrətin dünyaya gəlməsi barədə bir şey qeyd olunmamasına baxmayaraq, bəzi ravilərdən (Tusi Məhəmməd ibn Həsən, "İxtiyaru mərifətir-rical" ("Ricali-Kəşşi" adı ilə tanınır), Məşhəd universitetinin çapı, səh. 355, hədis 663, Feyz ibn Muxtarın rəvayəti) nəql olunanlara əsasən, o, üstün məqama sahib olan qardaşı Musa ibn Cəfərdən (ə) bir-iki yaş kiçik olmuş və onun dünyaya gəlməsi hicri 129-130-cu illərə təsadüf etmişdir. Amma Seyid Məhna deyir: "O, atasının vəfatı zamanı uşaq idi." (Əbülqasim Xoyi, "Mucəmur-ricalil-hədis", c.11, səh. 291) Digər bir nəqldə bildirilir ki, o, atasının vəfatı zamanı iki yaşında idi və imam Sadiq (ə) Qəryətu-Urəyzi onun üçün vəsiyyət etmişdi və Əli böyüdükdə, həmin yeri özü üşün məskən seçmişdi. (Mirzə Həsən Nuri, "Mustədrəkul-vəsail", "Xətəmə", yeni çap, c.4, səh. 486)

Onun uca məqamlı atası imam Sadiq (ə) hicri 83-cü ildə dünyaya gəlmiş və hicri 148-ci ildə 65 yaşında Abbasi xəlifəsi Mənsurun təhriki ilə zəhərlənərək şəhid edilmişdi.  (Kuleyni, Üsuli-Kafi, Seyid Cavad Mustəfəvinin tərcüməsi, c.2, səh. 377). O həzrətin beş dənə övladı var idi və Əli onların ən kiçiyi idi ki, elə həyatının ilkin çağlarında atasını itirmişdi. (Mucəmur-ricalil-hədis, c.11, səh. 291-292; Qum tarixi, Məhəmməd ibn Həsən Qumi, səh. 224) O, qardaşı imam Kazimin (ə) yanında böyümüş və üstün elmi və əxlaqi məqamlara nail olmuşdu.

Ləqəbləri:

Onun künyəsi Əbülhəsən idi və vəhy və imamət  xanədanına nisbət verildiyi üçün onu Hüseyni, Haşimi, Ələvi ləqəbləri ilə də yad edirdilər. Həmçinin, Mədinədə böyüyüb boya-başa çatdığına görə Mədəni də deyirdilər, amm ən məşhur ləqəbi "Urəyzi"dir. Ona görə ki, ömrünün çox hissəsini Mədinədən bir fərzəx fasilədəki Urəyzə məntəqəsində keçirmişdir. Həmin səbəbdən, onun övladları da Urəyziyyun adı ilə məşhurdurlar. (Əhməd ibn Əli Nəcaşi, "Ricali Nəcaşi", "Camiul-mudərrisin" nəşriyyatının çapı, səh. 251-252, hədis 662; "Məsailu Əli ibn Cəfər və mustədrəkatuha", "Alul-beyt" müəssisəsi, səh. 17)

Fəzilət və elmi şəxsiyyəti

Əli ibn Cəfər əzəmətli ravilərdən biridir və çoxlu hədislər nəql etmişdir. O, hədisin nəqlində möhkəm və tutarlı bir üslubdan istifadə etmişdir. O, həddən artıq təqvalı, alim və dəyərli qardaşı Musa ibn Cəfərə (ə) xidmət eləməyi özünə vacib hesab edən bir fərd olmuşdur. O həzrətdən çoxlu sayda xəbərlər nəql etmişdir. ("Əl-İrşadu fi mərifəti huccətillahi ələl-ibad", Rəsul Məhəllatinin tərcüməsi, c.2, səh. 206-208)

Fəqihlər, mühəddis və rical alimləri onun siqə (doğru danışan), fəzilətli olması və onun ravilərinə etimad edilməsi barədə fikir birliyinə malikdirlər. Böyük şəxsiyyətlərin onun barəsində söylədikləri sözlərin bəzi nümunələrini nəzərinizə çatdırırıq:

Şeyx Mufid (vəfatı: hicri-qəməri 413-cü il) belə nəql edir: "Əli ibn Cəfər və onun qardaşı İshaq – onların hər ikisi kimsənin onların fəzilətli və təqvalı olması barədə fikir ayrılığına malik olmadığı şəxsiyyətlərdəndir." (Məhəmməd ibn Məhəmməd ibn Neman Mufid, ("Əl-İrşadu fi mərifəti huccətillahi ələl-ibad", c.2, səh. 16)

Şeyx Tusi (hicri-qəməri 385-460-cı ilər) "Rical" kitabında onun adını üç yerdə, yəni imam Sadiq (ə), imam Kazim (ə) və imam Rzanın (ə) səhabələri sırasında qeyd etmişdir. Sonra onu siqə hesab etmiş və "Fehres"t adlı kitabında öz nəzərini belə bəyan etmişdir: " Musa ibn Cəfərin qardaşı olan Əli ibn Cəfər böyük və etimad olunası şəxsiyyətlərdəndir. Qardaşı imam Kazimdən (ə) soruşduğu mətləbləri yazmış olduğu "Mənasik" və "Məsail" adlı kitablar ona məxsusdur." (Tusi Məhəmməd ibn Həsən, "Ricalu Şeyx Tusi", səh. 241, hədis 289 və səh. 353, hədis 5; səh. 379, hədis 3; Tusi, "Əl-Fehrest", səh. 87, hədis 367)

Son dövrdə yaşayan alimlər də onu mədh edərək doğru danışan biri olmasını təsdiqləmişlər. (İbn Şəhr Aşub, "Mənaqib", c.4, səh. 325; Əllamə Həsən ibn Yusif Hilli, (vəfatı 726-cı il) "Xulasətul-əqval fi mərifətir-rical", "Nəşre islami" müəssisəsinin çapı, səh. 175, hədis 515; İbn Davud Həsən ibn Əli, "Rical", səh. 136, hədis 1026; Əllamə Baqir Məclisi, "Biharul-ənvar", Beyrut çapı, c.48, səh. 300)

Məsumların imamət və vilayət hərəmini mühafizə etmək:

Əli ibn Cəfər beş imamın yaşadığı dövrü görmüş, o böyük şəxsiyyətlərin üçündən bəhrələnmişdir. Onlar aşağıdakılardan ibarətdir:

Atası imam Sadiq (ə), qardaşı imam Kazim (ə) – ondan əldə etdiyi elmi səmərəsini "Məsailu Əli ibn Cəfər" adlı kitabda toplamışdır və qardaşının oğlu imam Rza (ə).

O, imam Cavad (ə) və imam Hadi (ə) zamanında da yaşamışdır. (Əbülqasim Xoyi, "Mucəmur-ricalil-hədis", c.11, səh. 289). Amma onlardan hədis nəql etməsi müşahidə olunmamışdır.

İmam Sadiqin (ə) vəfatından sonra imam Kazimin (ə) imaməti dövründə çoxlu sayda yolunu azmış qruplar meydana çıxmışdı. Onların bəziləri aşağıdakı kimidir:

1. İsmailiyyə. İmam Sadiqin (ə) oğlu İsmayılın və onun oğlu Məhəmməd ibn İsmayılın imamətinə etiqadlı olan bütün firqələrin ləqəbidir. Bu firqədən olan şiələr "Qəramitə", "Təlimiyyə", "Batiniyyə", "Mulahidə" kimi digər adlarla da tanınırlar.

2. Suməytiyyə. İmam Sadiqdən (ə) sonra "Dibac" ləqəbli Məhəmməd ibn Cəfərin və onun övladlarının imamətini qəbul edən kəslərdir və onları öz rəhbərləri olan Yəhya ibn Əbi Suməytənin adı ilə adlandırırlar. ("Firəquş-şiə", səh. 112)

3. Fəthiyyə. İmam Sadiqin (ə) övladlarından biri olan Abdullah Əftəhin imamətinə eiqadlı olan bir qrupdur. Abdullah imam Sadiqin (ə) İsmayıl adlı övladından sonra o həzrətin digər övladlarından ən böyüyü idi və Abdullah böyük ayaq və ya başa malik olduğu üçün ona "Əftəh", ona tabe olan qrupa isə "Fəthiyyə" deyirdilər. (Məhəmməd ibn Ərdəbili, "Camiur-ruvat", c.2, səh. 546)

Amma Əli ibn Cəfər heç zaman bu qrupla birlikdə olmamışdır. Digər tərəfdən, məsum imamların zalım hakimlərin təsiri ilə şiddətli təzyiqlərə məruz qaldığı zamanlarda Əhli-beyti (ə) sevənlər öz imamları ilə agah və öz canlarını fəda etməyə hazır olan kəslər vasitəsi ilə rabirə yaradır və öz sual və çətinliklərinin həllini imamlardan əldə edirdilər. Əli ibn Cəfər öz qardaşı imam Kazimlə (ə) camaat arasında rabitə yaratmaqda xüsusi üsluba malik olan və şiələrin suallarına imamdan cavab alan fərdlərdən biri idi.

Həmçinin, hakimlərin yaratdıqları təzyiq sayəsində haqqın, yəni həzrət Musa ibn Cəfərin (ə) imamətini tanımaq həddən artıq çətin idi və imama tabe olmaq fədakarlıqdan başqa bir yolla mümkün deyildi. Həmin səbəbdən, camaatın çoxu, hətta o həzrətin yaxınlarının bəzisi imamın düşmənlərinə qoşulmuşdular. Həmin fərdlərdən biri Məhəməd ibn İsmayıl ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn – Musa ibn Cəfərin (ə) qardaşı oğlu idi və o, imamın yardım və xüsusi köməyi sayəsində özünü Bağdada Harunun yanına yetirmiş və ona xəlifə ünvanında salam vermiş və sonra demişdi: "Mən camaatın əmim Musa ibn Cəfərlə (ə) xəlifə ünvanında salam verdiyini görənə qədər güman eləmirdim ki, yer üzərində iki xəlifə olmuş olsun." Harun da onun bu yaxşı xidməti müqabilində ona yüz min dirhəm pul verdi. Amma Allah onu taun xəstəliyinə düçar etdi və o, öldüyü üçün həmin puldan heç bir dirhəm də götürüb istifadə edə bilmədi. (Kuleyni, "Üsuli-Kafi", Seyid Cavad Mustəfəvinin tərcüməsi, c.2, səh. 400-402; "İxtiyaru mərifətir-rical", səh. 263-265, hədis 478)

Amma onun və onun kimilərin sözlərini eşitdikdən sonra Harun imam Musa ibn Cəfəri (ə) ortadan qaldırmaq üçün planlar cızmağa başladı və o həzrəti zəhərlə şəhadətə çatdırdı. Amma Əli ibn Cəfər əsla əzəmətli qardaşı Musa ibn Cəfərdən (ə) ayrılmadı və daim onunla birlikdə və ona dayaq oldu. O, belə deyir: "Mən qardaşımla onun öz ailəsini piyada şəkildə ömrəyə apardığı zaman dörd dəfə həccə getmişəm. Birinci dəfə 26 gün, ikinci dəfə 25 gün, üçüncü dəfə 24 gün və sonuncu dəfə 21 gün bu səfəd davam etmişdi." (Abdullah ibn Cəfər Humeyri, "Qəribul-əsnad", səh. 299; Əli ibn Cəfər, "Əl-Məsail", səh. 310, hədis 873; "Biharul-ənvar", Beyrut çapı, c.48, səh. 100)

İmam Kazimin (ə) vəfatından sonra da "Vaqifiyyə" adlı bir qrup və onun bənzəri olan qruplar insanları imam Rzanın (ə) vilayətindən kənarlaşdırmağa başladı. Amma Əli ibn Cəfər bu qruplardan heç birinə tabe olmadı və o həzrətdən sonra övladı imam Cavad (ə) və ondan sonra onun oğlu imam Hadinin (ə) vilayətini qəbul və onları müdafiə etdi.

Aşağıdakı iki rəvayət onun etiqadının düzlüyü və möhkəmliyini bəyan edir:

1. Həsən ibn Fəzzal nəql edir: "Əli ibn Cəfərin belə söylədiyini eşitdim: "Mən qardaşım Musa ibn Cəfərin (ə) yanında idim və o, Allaha and olsun ki, atamdam sonra yer üzünün höccəti idi. Gözlənilmədən oğlu Əli ibn Musa (ə) içəri daxil oldu. İmam Kazim (ə) buyurdu: "Ey Əli, bu, sənin imamındır. Onun mənə nisbəti mənim atama nisbətim kimidir. Allah səni onun dinində sabitqədəm eləsin." Mən ağlamağa başladım və öz-özümə dedim ki, Allaha and olsun, ölüm xəbərini verir. Sonra buyurdu: "Sözsüz, Allahın hökmü mənim barəmdə icra olacaq. Mən də Allahın Rəsulu (s), Əmirəl-möminin (ə), Fatimə (ə) imam Həsən (ə) və Hüseynin (ə) yolunu gedirəm." O həzrət həmin sözləri Harun onu yenidən öz yanına çağırmamışdan üç gün öncə də mənə buyurdu."" (Əli ibn Cəfər, "Əl-Məsail", səh. 347-348, hədis 856; "Biharul-ənvar", Beyrut çapı, c. 49, səh. 26-27, hədis 45)

2. Zəkəriyya ibn Yəhya deyir: Əli ibn Cəfərin Əli ibn Hüseynin (ə) övladı Həsən ibn Hüseynə belə söylədiyini eşitdim: Allah-taala Əbəlhəsən Əliyyibni Musər-Rzaya (ə) qardaşları və əmiləri zülm etdiyi zaman, ona yardım elədi. (Əli ibn Cəfər, "Əl-Məsail", səh. 21, hədis 805; Məhəmməd ibn Yəqub Kuleyni, "Əl-Kafi", "İslamiyyə" nəşriyyatı, c.1, səh. 322, hədis 14)

Məsumların vilayətinə təslim (tabe) olmaq:

Əli ibn Cəfərin ən üstün fəziləti onun imamət və vilayəti tanımaqla yanaşı, onu digər zahiri dəyərlərdən üstün tutması və özünü məsum imamların vilayətinə tabe etməsi idi.  Həmin səbəbdən, iftixarla qardaşı imam Kazımın (ə) və onun oğlu imam Rzanın (ə) vilayətini qəbul etmiş və digərləri kimi onların müqabilində təslim olaraq onlara itaət etmişdir. Bu fəzilət onun yaşlı olduğu, cəmiyyətdə ictimai mövqe qazandığı və böyük alimlərdən hesab edildiyi zaman, qardaşı oğlu imam Cavadın (ə) səkkiz yaşlı övladının müqabilində başını təzimlə əyməsi zamanı daha yaxşı nəzərə çarpır.

O, imam Cavadı (ə) dostlarında  təəccüb doğuracaq şəkildə tanıtdırır, ona irad tutur. Bununla belə, o, öz etiqadının düz olmasına təkid və israr edir. Aşağıdakı iki nümunə bunları bəyan edir:

1. Məhəmməd ibn Həsən ibn Əmmar deyir: Mən iki il Əli ibn Cəfərin yanında (imam Rzanın (ə) əmisi) olmuş və onun qardaşı imam Kazimdən (ə) eşitdiyi bütün xəbərləri qələmə almışam. Bir gün onun yanında oturduğum zaman,  Əbu Cəfər Məhəmməd ibn Əli (imam Cavad (ə)) Peyğəmbər (s) məscidində onun yanına gəldi. Əli ibn Cəfər ayağa qalxdı və əbasız və ayaqqabısız onun qabağına qaçdı, onun əlindən öpərək o həzrətə ehtiram elədi. O həzrət dedi: Ey əmi, əyləş, Allah sənə rəhm eləsin. O dedi ki, siz ayaq üstündə olduğunuz halda, mən necə əyləşim?! Əli ibn Cəfər öz yerinə qayıtdıqda, səhabələri onu məzəmmət elədilər ki, siz onun atasının əmisi olduğunuz halda, nə üçün onunla bu cür rəftar edirsiniz?! O, dedi ki, səsinizi kəsin! Sonra əlini saqqalına aparıb dedi: Əgər Allah bu saqqal sahibini imamətə layiq bilmədiyi və o uşağa imamət məqamı verdiyi üçün onun fəzilətini inkar etməliyəmmi?  Mən sizin sözlərinizdən Allaha pənah aparıram və mən onun bəndəsiyəm. (Əli ibn Cəfər, "Əl-Məsail", səh. 23; Kuleyni, Üsuli-Kafi, Seyid Cavad Mustəfəvinin tərcüməsi, c.2, səh. 106-107;  "Biharul-ənvar", c.47, səh. 263-264, hədis 31; "İxtiyaru mərifətir-rical", səh. 429, hədis 803)

2. Həsən ibn Musa ibn Cəfər belə nəql edir: "Təbibi imam Cavadı müalicə etmək məqsədi ilə o həzrətə tərəf gəlib damarını ülgüclə çərtmək istədiyi zaman, Əli ibn Cəfər yerindən qalxıb o həzrətə dedi: "Ey mənim ağam, icazə verin əvvəlcə mənim damarımı çərtsin ki, ülgücün itiliyi bir qədər kütləşsin və sizə az əziyyət versin. Həkimin mülicəsindən sonra o həzrət ayağa durmaq istədikdə, o, öz yerindən daha tez qalxaraq imamın ayaqqabılarını cütlədi."" ("İxtiyaru mərifətir-rical", səh. 430, hədis 804; "Məsailu Əli ibn Cəfər", səh. 23; "Biharul-ənvar", c.47, səh. 263-264, hədis 31)

Şagirdləri:

Rical və rəvayət kitablarında qeyd edildiyi kimi, qırxdan artıq ravi onun elmi məqamından faydalanmışdır. Onlardan bəzilərinin adları aşağıdakı kimidir:

Əhməd ibn Əli ibn Cəfər (övladı), Məhəmməd ibn Əli ibn Cəfər (övladı), Əhməd ibn Məhəmməd ibn Əbi Nəsr Bəzənti, İshaq ibn Musa ibn Cəfər (qardaşı oğlu), İsmayıl ibn Məhəmməd ibn İshaq ibn Cəfər (qardaşı oğlunun övladı), Hüseyn ibn Musa ibn Cəfər (qardaşı oğlu), həzrət Əbdüləzim Həsəni, Abdullah ibn Həsən ibn Əli ibn Cəfər (onun nəvəsi), Ömərəkibni Əli Bufəki  Xorasani ("Məsailu Əli ibn Cəfər və mustədrəkatuha", səh. 58-65)

Vəfatı:

Əli ibn Cəfərin vəfat tarixi barədə fikir birliyi mövcud deyil. Bəziləri onun vəfatının hicri-qəməri 210-cu ildə olduğunu söyləmişlər. (Zəhəbi, "Əl-İbəru fi xəbəri min ğeyr", c.1, səh. 358; İbn Həcər, "Təhzibut-təhzib", c.2, səh. 33; "Əz-Zəriətu ilə təsanifiş-şiə", c.20, səh. 360) Həmçinin, Seyid Mihna kimilərinin də daxil olduğu bir qrup da onun imam Hadinin (ə) zamanında dünyadan köçdüyünü söyləmişlər. (Xoyi, "Mucəmur-ricalil-hədis", c.1, səh. 292)

Digərləri isə onun həyatda olduğu müddətin hicri-qəməri 250-ci ilə qədər olduğunu da bildirmişlər. (Maməqani, "Tənqihul-məqal", c.2, səh. 273)

Müqəddəs qəbri:

Mühəddis Nuri yazır: "Əli ibn Cəfərin müqəddəs qəbri Mədinənin bir fərsəxliyində olan Urəyzə məntəqəsindədir. Mən bəzi səfərlərim zamanı onu ziyarət eləmişəm. Onun təmtəraqlı qübbə və məqbərəsi vardır." ("Mustədrəkul-vəsail", c.4, səh. 487) Mühəddis Qumi və bir sıra avtobioqraflar (nəsil-nəcabəti haqqında məlumat verən alimlər) da həmin etiqada malikdirlər. ("Məsailu Əli ibn Cəfər və mustədrəkatuha", səh. 33-36; Seyid Muhsin Əmin, "Əyanuş-şiə", c.8, səh. 177; "Əxtərane tabnak", c.1, səh. 336; "Gəncineye asar", Abbas Feyz, c.2, səh. 324; "Tərbiyəte pakan", c.2, səh. 43, Abbas Feyz, "Əncum fruzan", səh. 181)

Müəllif özü də səfərlərinin birində həmin müqəddəs qəbrin ziyarətinə nail ola bilmişdir. Amma sonrakı səfərində həmin qübbə və məqbərənin Ali-Səudun əli ilə dağıdıldığının şahidi olmuşdur.

Xatırladılan nəzəriyyənin müqabilində Molla Məhəmmədtəqi Məclisi (hicri-qəməri 1003-1070-ci illər) deyir ki, Əli ibn Cəfərin qəbri Qum şəhərindədir. O, "Rovzətul-muttəqin" kitabında "Mən la yəhzuruhul fəqih" kitabının şərhində yazır: Əli ibn Cəfərin qəbri Qum şəhərində məşhur və tanınmışdır. Kufə əhlinin ondan Kufəyə gəlməsini xahiş etdiyini eşitmişəm. Əli ibn Cəfər onların xahişini qəbul edərək Kufəyə getmiş və bir müddət orada qalmışdır. Kufə əhalisi ondan hədislər öyrənmiş, onun özü də onlardan rəvayətlər nəql etmişdir. Daha sonra Qum əhalisi onun Quma gəlməsini xahiş etmiş və o da Qum şəhərinə gəlmiş və ömrünün sonuna qədər Qumda qalmışdır. Vəfat etdikdən sonra Qum şəhərində torpağa tapşırılmışdır.  (Məhəmmədtəqi Məclisi, "Rovzətul-muttəqin", c.14, səh. 191) Amma müxtəlif dəlillərə əsasən, Mühəddis Nurunin nəql etdiyi nəzəriyyə düzgün deyil və  Əli ibn Cəfərin qəbri Urəyzə məntəqəsindədir. ("Mustədrəkul-vəsail", "xatəmə", c.4, səh. 482-488)

Mühəddis Qumi Əli ibn Cəfərin övladlarının adlarını saydığı zaman, belə deyir: "" Ondan Məhəmməd, Əhməd Əşəri, Həsən və Cəfər adlı dörd oğul övladı yadigar qalmışdır. Cəfər Əsğərdən də Əli adlı bir övlad dünyaya gəlmişdi və onun barədə məlumatımız yoxdur. Qumda olan bu qəbrin həmin Əli ibn Cəfər ibn Əli ibn Cəfər Sadiqin (ə) qəbri olması ehtimalı vardır. (Muntəhəl-amal, c.2, səh. 186-187. Müraciət edin Əncume fruzan, Abbas Feyz, səh. 183)

Bəziləri də bu qəbri Əli ibn Cəfərin digər nəvələrindən olan Əli ibn Həsən ibn İsa ibn Məhəmməd ibn Əli ibn Cəfər Urəyziyə nisbət vermişlər. ("Gəncineye asar", Qum, səh. 31; Abbas Feyz, "Əncume furuzan", c.2, səh. 183; "Tərbiyəte pakan", c.2, səh. 42)

Əlbəttə, Qumda yerləşən məqbərədəki qəbrin üzərində yazılmış yazıdan məlum olur ki, bu məqbərənin altında imamın iki nəvəsi dəfn edilmişdir. Onlardan biri imam Musa ibn Cəfərin (ə) Məhəmməd adlı övladı, digəri isə imam Cəfər Sadiqin (ə) Əli adlı nəvəsidir.

Həmçinin, Simnan şəhərindən kənarda, yamyaşıl bağın ortasında bir təmtəraqlı məqbərə var ki, o, Əli ibn Cəfər Urəyziyə mənsubdur. Amma onun Əli ibn Cəfər Urəyzi olması uzaq bir nəzərdir, əksinə onunla eyni adı malik və ya nəvələrindən olan bir şəxsə aiddir. ("Məsailu Əli ibn Cəfər və mustədrəkatuha", səh.35)

Əsərləri:

Dəyərli "Biharul-ənvar" kitabının mənbələrinin istinad etdiyi kitablardan biri də "Məsailu Əli ibn Cəfər" adlı kitabdır ki, imam Sadiqin (ə) oğlundan yadigar qalmış bərəkətli bir kitabdır.

Bütün rical alimləri yekdilliklə Əli ibn Cəfərin (ə) mətləblərini qardaşı imam Kazimdən (ə) əldə etmiş olduğu bir kitabının olmasına etiqadlıdırlar. Amma kitabın adı ilə bağlı müxtəlif nəzəriyyələr vardır. Bəziləri onun iki-üç kitaba malik olduğunu düşünsələr də, həqiqətdə, onun birdən artıq kitabı yoxdur. Nəccaşi onun bir kitabının olduğunu bildirir. Bir yerdə isə belə deyir: "Onun halal və haramlar barəsində kitabı vardır." ("Ricali Nəcaşi", "Camiu mudərrisin" nəşriyyatının çapı, səh. 252, hədis 662) Başqa bir yerdə isə onu Məsail adlandırır. ("Ricali Nəcaşi", "Camiu mudərrisin" nəşriyyatının çapı, səh. 29, hədis 60)

Şeyx Tusi nəql edir: Əli ibn Cəfər Mənasik və Məsail adlı kitaba malik idi. (Şeyx Tusi, Əl-Fehrest, səh. 87, hədis 367)

Xanədanı

Əli ibn Cəfərin Urəyziyyun ləqəbi ilə tanınan övladları var idi və onların adları aşağıdakı kimidir:

1. Məhəmməd Əkbər. 2. Məhəmməd Əsğər. 3. Həsən. 4. Əhməd Şərani. 5. Əli. 6. Cəfər Əsğər. 7.Gülsüm (Ümmü Gülsüm). 8. Məlikə. 9. Xədicə. 10. Həmdunə. 11. Zeynəb. 12. Fatimə. Bəziləri onun Abdullah adlı övladının olmasını da qeyd etmişlər. ("Muhacirane Ali-Əbu Talib", səh. 337; "Gəncineye asar", Qum, c.2, səh. 374)

Əli ibn Cəfər Urəyzinin övlad və nəvələri böyük bir ailəni təşkil edirdilər və şəhərlərin əksəriyyəti bu böyük şəxsiyyətlərin həmin yerlərə mühacirəti sayəsində onların vücudundan faydalanır və bərəkət əldə edirdi. Hazırda da onların müqəddəs məzarları dünyanın ən uzaq məntəqələrində belə həmin yerlərin çıraqlarıdır. (Məsailu Əli ibn Cəfər və Mustədrəkatuha, səh. 37-39)

Əliyyibni Cəfərin (ə) hədislərindən nümunələr:

Əliyyibni Cəfər (ə) deyir: "Qardaşım Musa ibn Cəfərdən (ə) belə eşitdim: "Bir kəs zəif şəxsin istəyini özünün təklikdə belə bir qüdrəti olmadığı halda, qüdrətli şəxsə bildirsə, Allah-taala onu düzgün yolda sabitqədəm edər."" ("Məsailu Əliyyibni Cəfər", səh. 342; "Biharul-ənvar", c.72, səh. 384, hədis 2)