")
dostluq
Mənəvi virtues Nasir Məkaryan

Tərbiyənin mühüm metotlarından biri nümunə metodudur, çünki tərbiyə olunan şəxsin rəftar və əxlaqının formalaşmasında nümunəvi şəxsin təsiri dəfələrlə digər məsələlərdən artıqdır. İslam da bu metoda həddən artıq əhəmiyyət vermiş və Quranda ayələrin bir qismi müxtəlif şəraitlərdə səlahiyyət və şəxsiyyətlərini nəzərə çarpdıraraq (büruzə verərək) diqqət mərkəzində dayanma haqqını sübuta yetirmiş monoteist (təkallahlı) və imanlarında sabitqədəm olan qadın və kişiləri tanıtdırmağa həsr olunmuşdur. Bu əhəmiyyət daşıyan məsələyə nail olmaq üçün müəllif qeydlərində fərdlərin dostluq nümunələrini bəyan etmək məqsədini izləyir ki, ona diqqət yeritməklə düşüncə sahiblərində kamal və qurtuluşa doğru kiçik bir qapı açılsın.

Nasir Məkaryan

 

Səfvan ibn Yəhya – dostluq nümunəsi

Səfvan ibn Yəhya etimad olunası fəqihlərdən və siqə (doğru danışan) ravilərdən biridir və “icma əshabı”ndan[1] hesab olunur. O, Kufə əhlindən idi və həzrət imam Kazim (ə), imam Rza (ə) və imam Cavad (ə) kimi üç imamın hüzurundan istifadə etmişdir. O, imam Rzanın (ə) nəzərində xüsisi mövqeyə malik idi və o həzrəti və imam Cavadın (ə) vəkilləri (naibləri) zümrəsində idi. O, müasirləri arasında təqva və ibadət baxımından bənzəri olmayan bir şəxsiyyət idi və Vaqifiyyə[2] qruplaşması tərəfindən ona çoxlu sərvət təklif olunmasına baxmayaraq, onu qəbul etməmiş və əsla dünyəvi istəklərə xatir Əhli-beytin (ə) yolundan xaric olmamışdı. O, yol göstərməsi sayəsində Məhəmməd ibn Sənan kimilərini batil yola düşmək və imamət yolundan ayrılmaqdan saxlamışdır.[3]

Fiqh və digər zəminələrdə otuza yaxın kitab yazmış və hicri-qəməri 210-cu ildə Mədinə şəhərində dünyadan köçmüşdür.[4]

Həzrət İmam Cavad (ə) bu seçilmiş şiə fəqih bə ravisi üçün kəfən və bir qədər də kafur göndərmiş və əmisi İsmayıl ibn Musəl Kazimə onun cənazəsinə namaz qılmağı tapşırmışdı.[5]

Həzrət İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə bu böyüş şəxsiyyət barəsində belə qeyd olunmuşdur: “Sahibi olmayan qoyun sürüsünə iki yırtıcı canavarın vurduğu zərər hakimiyyət istəyinin müsəlman şəxsin dininə vurduğu zərərlə bir deyildir.” Sonra həzrət buyurdu: “Amma Səfvan hakimiyyət istəyən deyil.”[6]

Aşağıdakı iki əhvalat bu əzəmətli və misilsiz fəqih və ravinin üstün ruhiyyə və təqvasından xəbər verir:

1. Məkkədən öz vətəni olan Kufəyə getmək istədiyi səfərlərinin birində qonşularından biri ona iki dinar (təqribən, iki misqal qızıl dəyərində) pul verir və ona deyir ki, bunu Kufədə mənim ailəmə çatdır. Səfvan deyir: “Mənim mindiyim bu dəvə icarə olunmuşdur və mən onu özüm və əşyalarımın daşınması üçün icarə etmişəm. Dəvə sahibinin bu əlavə yükdən (verdiyin iki dinar puldan) xəbəri yoxdur. Bu yerdə mən ondan bu barədə icazə almalıyam.”

Aydın məsələdir ki, Səfvanın özü mahir və bilikli fəqih olsa da, bu miqdarın onun icarə əqdində təsirli olmadığını və təbii olaraq dəvə sahibinin onu daşımasına razı olacağını bilməsinə baxmayaraq, digərlərinin hüququnun (haqqının) həddən artıq əhəmiyyət daşıdığını bəyan etmək üçün – xüsusən də, özü icarə edən tərəflərdən biri olduğu halda – malikin icazəsi olmadan belə bir işi görmür.

2. Səfvan parça satmaq peşəsinə malik idi və həmin zamanlarda Fars əyalətinin Şapur şəhərinin parçası keyfiyyət baxımından birinci dərəcəli olduğundan, həmin parçalardan satırdı. Həmin səbəbdən, ona “Bəyyaus-saburiyy” (yəni, sapuri (Şapur parçası) satıcısı) deyirdilər. O, bu işdə özləri də ravi və müvəssəq (doğru danışan) olan Abdullah ibn Cundəb və Əli ibn Noman adlı iki nəfərlə şərik idi. Bu üç nəfər öz aralarında əhd-peyman bağlaşmışdılar ki, onlardan hansı dünyadan getsə, həyatda qalanlar ona öz namazlarını qıldığı və zəkatlarını verdiyi kimi, namaz qılsın və zəkat versin. İş elə gətirir ki, onların hər ikisi Səfvandan tez dünyadan gedir.

Bağladıqları əhd-peymana əsasən, Səfvan özünə gün ərzində 17 rükət vacib və 34 rükət müstəhəb namaz qıldığı kimi, dünyadan getmiş o iki dostu üçün də bunları yerinə yetirirdi. Həmçinin, hər il Ramazan ayında öz orucunu tutduğu kimi, dostlarının hər biri üçün də bir ay oruc tutur və özü üçün illik zəkat ödədiyi miqdarda, dostları üçün də zəkat ödəyirdi.  Beləliklə, gün ərzində 150 rükət namaz qılır, il ərzində üç ay oruc tutur və üç dəfə zəkat ödəyirdi. Bundan əlavə, hansı müstəhəb əməli yerinə yetirsəydi, onların eynisini iki dostu üçün də yerinə yetiridi.[7]

Salam olsun belə həqiqi dost və köməkçilərə! Həqiqətdə, yar bir qəlbli iksirdir, sədəf (inci) kimi az tapılan (nadir) və dürr kimi bahalıdır.

 


[1]İcma əshabı – hədis əhlinin terminologiyasında fəqih və hədis ravilərindən olan bir qrupdur və onlar hədisşünas və fəqihlər onlara etimad edirlər, həmçinin, belə şəxslərin rəvayəti onların (fəqihlərin) nəzərində qəbul olunur. Kəşşinin nəqlinə əsasən, bu şəxslər on səkkiz nəfərə yaxındır və onlardan altısı imam Baqir (ə) və imam Sadiqin (ə) səhabələri, altı nəfəri də imam Kazim (ə) və imam Rzanın (ə) səhabələri olmaqda müştərəkdir (yəni, hər iki imamın səhabəsi olmuşlar). Tusi ibn Həsən “İxtiyaru mərifətir-rical” (Ricali-kəşşi adı ilə məşhurdur), Məşhəd universitetinin çapı, səh. 238. Hədis 431 və səh. 375, hədis 705 və səh. 556, hədis 1050.

[2]Vaqifiyyə - İmam Rza (ə) və ondan sonrakı imamların imamətini maddi məqsədlər səbəbi ilə inkar edən bir qrup idi. Onlar iddia edirdilər ki, imam Kazim (ə) dünyadan getməmiş və həmişəlik olaraq diri qalacaqdır və o, Ali-Məhəmmədin (ə) həmin Mehdisi və Qaimidir. Bu qrupun başçılarına Osman ibn İsa, Əli ibn Əbi Həmzə Bətaini və Ziyad ibn Mərvan Qəndini misal göstərmək olar.

[3]Əhməd Nəcaşi, “Ricali-Nəcaşi”, “Camiətu-mudərrisin” çapı, səh. 328, hədis 888.

[4]Həmin mənbə, səh. 197-198, hədis 524.

[5]“İxtiyaru mərifətir-rical” (Ricali-Kəşşi), səh. 502, hədis 962.

[6]Həmin mənbə, səh. 503, hədis 966.

[7]Tusi Məhəmməd ibn Həsən, “Ricali-Nəcaşi”, səh. 197-198, hədis 524, mündəricat, “Mənşurate şərife Rza” çapı, Qum, səh. 83-84, hədis 346; Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, Beyrut çapı, c. 49, səh. 273, hədis 20.