")
şücaət və fədakarlıq
Mənəvi virtues Nasir Məkaryan

Tərbiyənin mühüm metotlarından biri nümunə metodudur, çünki tərbiyə olunan şəxsin rəftar və əxlaqının formalaşmasında nümunəvi şəxsin təsiri dəfələrlə digər məsələlərdən artıqdır. İslam da bu metoda həddən artıq əhəmiyyət vermiş və Quranda ayələrin bir qismi müxtəlif şəraitlərdə səlahiyyət və şəxsiyyətlərini nəzərə çarpdıraraq (büruzə verərək) diqqət mərkəzində dayanma haqqını sübuta yetirmiş monoteist (təkallahlı) və imanlarında sabitqədəm olan qadın və kişiləri tanıtdırmağa həsr olunmuşdur. Bu əhəmiyyət daşıyan məsələyə nail olmaq üçün müəllif qeydlərində fərdlərin şücaət və fədakarlıq nümunələrini bəyan etmək məqsədini izləyir ki, ona diqqət yeritməklə düşüncə sahiblərində kamal və qurtuluşa doğru kiçik bir qapı açılsın.

Nasir Məkaryan

 

Əbu Rafe – şücaət və fədakarlıq nümunəsi

Əbu Rafe Peyğəmbər (s) və Əmirəl-mömininin (ə) səhabələrindən biridir. Onun adı "Əsləm" və bir nəqlə əsasən, "İbrahim"dir. O, əvvəllər Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlibin qulamı olmuşdur. Sonralar Abbas onu Peyğəmbərə (s) hədiyyə etmişdi. Əbu Rafe Abbasın İslamı qəbul etdiyini Peyğəmbərə (s) söylədiyi zaman, o həzrət bu şad xəbərə görə onu Allah yolunda azad etmişdi.

O, Peyğəmbərin (s) besətinin (peyğəmbərliyə seçilməsinin) əvvəllərində İslamı qəbul etmiş və sonra mühacirlərin sırasında Məkkədən Mədinəyə hicrət etmiş və o həzrətin kənarında bütün hadisə və döyüşlərdə iştirak etmişdi. Peyğəmbərin (s) vəfatından sonra şiənin seçilmiş şəxsiyyətləri və Əmirəl-mömininin (ə) diqqət yetirdiyi kəslər sırasına daxil olmuş və həzrət Əli(ə) ilə birgə döyüşlərdə iştirak etmişdi. O, həzrət Əlinin (ə) tərəfindən Kufədəki beytül-malın məsulu idi və onun «Übeydullah» və «Əli» adlı iki övladı həzrət Əlinin (ə) katiblərindən hesab olunurdu.

Əbu Rafe həzrət Əlinin (ə) vəfatına qədər o həzrətin kənarında idi və o həzrətdən sonra imam Həsənlə (ə) birlikdə Mədinəyə qayıtdı və həmin şəhərdə (Mədinədə) məskunlaşmaq üçün evi və əkinçilik üçün torpaq sahəsi olmadığından, imam Həsən (ə) Əmirəl-mömininin (ə) evini iki hissəyə ayırdı, bir hissəsini Əbu Rafenin ixtiyarında qoydu və həmçinin ona torpaq sahəsi də bağışladı.

O, sünnə, əhkam və hadisələr barəsində kitab qələmə almışdır, hətta onun hədislərin toplanmasından sonra onu bölmələr şəklində yazıya alan ilk şəxs olduğunu da söyləmək mümkündür.[1]

Əbu Rafedən belə nəql olunur: "Həmd olsun mənə seçilmiş və xüsusi mövqe bağışlayaraq "Əqəbə" və "Rizvan" beyətində iştirak etməyi, iki qibləyə namaz qılmağı, üç mühacirəti – birincisi, Cəfərlə birlikdə Həbəşə, ikincisi, Peyğəmbərlə (s) Məkkədən Mədinəyə və üçüncüsü həzrət Əli (ə) ilə Mədinədən Kufəyə mühacirəti – nəsib edən Allaha."

Aşağıdakı macəra belə vəfalı səhabənin ixlaslı və şücaətini bəyan edir:

Əbu Rafenin oğlu atasından belə nəql edir: "Mən Peyğəmbər (s) yatdığı və ya ona vəhy nazil olduğu vaxt o həzrətin yanına daxil oldum. Birdən otağın bir kənarında ilanın olduğunu gördüm. İlanı öldürməklə Peyğəmbəri (s) yuxudan oyatmaq istəmədiyim üçün, ilanla o həzrətin arasında uzandım ki, əgər ilan sancmaq və zərər vermək istəsə, Allahın Rəsulunu (s) yox, məni sancsın. Bu zaman Peyğəmbər (s)

(انّما ولیکم الله ورسوله والذین آمنوا الذین یقمون الصلاة ویؤتون الزکاة وهم راکعون) "Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, onun peyğəmbəri və iman gətirənlərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər."[2]ayəsini oxuduğu halda yuxudan oyandı.

Sonra o həzrət buyurdu: "Həmd və səna nemətini Əliyə (ə) tamamlayan Allaha məxsusdur. Xoş  Əlinin (ə) halına ki, Allah-taala ona fəzilət və üstünlük verdi." Daha sonra Peyğəmbər (s) mənim yerdə uzanmağımın səbəbini soruşdu, mən də ilan əhvalatını o həzrətə bəyan elədim. Peyğəmbər (s) buyurdu: "Ayağa qalx və ilanı öldür!"Mən də belə etdim. Sonra o həzrət mənim əlimdən tutaraq buyurdu:

"Əli haqq və onlar batil olduğu halda, bir qövm onunla döyüşdüyü zaman, sənin tutduğun mövqe necə olacaq? Həmin zamanda cismi baxımdan cihad etmək qüdrətinə malik olanlar həmin qövmlə döyüşməlidir, qüdrəti olmayanlar isə qəlblərində onlarla döyüşməyi niyyət etməlidirlər."Dedim: " Ey Allahın Rəsulu (s), mənim haqqımda Allaha dua edin ki, əgər həmin zamanda olsam, həzrət Əli (ə) ilə döyüşən kəslərə qarşı cihadda iştirak edə bilim."

O həzrət mənim barəmdə dua elədi və sonra camaatın yanına getdi və belə səslədi: "Ey camaat, kim mənim etimad etdiyim şəxsi tanımaq istəyirsə, bilsin ki, bu Əbu Rafe etibarlı və mənim etimad etdiyim şəxsdir."

Əbu Rafe bu sözləri həzrət Əli (ə) hakimiyyətə gələnə qədər yadında saxlamışdı. Müaviyə, Təlhə və Zübeyr həzrət Əliyə (ə) qarşı müxalifətçilik etdilər və müharibə alovunu alışdırdılar. Əbu Rafe Peyğəmbərin (s) gələcəkdən xəbər verərək belə buyurduğu sözləri xatırladı: "Bir qövm Əli (ə) ilə döyüşəcəkdir və onlarla döyüşmək haqq və Allah yolunda döyüşməkdir." Beləliklə, Xeybərdəki ev və torpaq sahəsini satdı və səksən beşdən yuxarı yaşının olmasına baxmayaraq, özünü həzrət Əlinin (ə) kənarında düşmənlərlə döyüşə hazırladı.[3]

 


[1]Seyid Muhsin Əmin, "Əyanuş-şiə", "Darut-təaruf" nəşriyyatı, Beyrut çapı, 2-ci cild, səh. 105.

[2] "Maidə" surəsi, ayə 55.

[3]Əhməd Nəcaşi, "Ricale Nəcaşi", "Camiul-mudərrisin" çapı, səh. 3-5, hədis 1.