Dinin əsasları (üsuli-din) və dini inancların gücləndirilməsi
Dinin əsasları (üsuli-din) və dini inancların gücləndirilməsi

“Oxuculara” adlı söhbətdə qeyd etdiyimiz kimi, insandakı ən üstün mərhələ təfəkkür və düşüncə mərhələsidir. İnsan təfəkkür və düşüncə sahibidir. O düşünür: Mən kiməm? Nə üçün dünyaya gəlmişəm? Varlıq aləmini kim yaradıb? Bu aləm hansı məqsədə doğru hərəkətdədir. Aqibətim nə olacaq? İnsan əbəsmi yaradılıb? Bu dünyada hansısa vəzifələrim varmı?

Yox yarpağım, yox gülüm,

Nə meyvəm, nə də kölgəm,

Heyrətdəyəm, Xudaya,

Niyə yaranmışam mən?

Bu düşüncəli varlıq öz suallarına qənaətbəxş cavab tapanadək heyrətdə və başını itirmiş vəziyyətdə qalacaq. Hər bir məslək və məzhəbdə istər-istəməz varlıq aləmi ilə bağlı baxışlar var. Bu baxışlar həlledicidir və uyğun məktəbin düşüncə əsası sayılır. Hər bir məktəb varlıq aləminə münasibətləri əsasında öz ardıcıllarının suallarını cavablandırır. Bu sayağı baxış və qənaətlər “dünyagörüşü” adlanır. Hər bir məzhəb və dində onun əsasını təşkil edən dünya görüşləri mövcuddur. Bu dünyagörüşü puça çıxdıqda məzhəbin əsasları viran qalır. İslam dinində onun əsasını təşkil edən bünövrə məsələlər, həm də bu bünövrədən rişələnmiş ikinci qrup məsələlər mövcuddur. İslam dininin əsaslarından, bünövrə məsələlərindən hər bir müsəlman yetərincə xəbərdar olmalı, həmin əsaslara dəlillər əsasında inanmalıdır. Bu əsaslar istər şiə, istər sünni, bütün müsəlmanlar tərəfindən qəbul olunur və “tövhid”, “nübüvvət”, “məad” mövzularından ibarətdir.

Amma biz şiələr həmin üç əsasdan əlavə “ədl” (ədalət) və “imamət” kimi daha iki əsasa inanclıyıq.

Sünni məzhəbindən olanlar ədalət prinsipinə (əsasına) biz şiələr əhəmiyyət verdiyimiz qədər əhəmiyyət vermirlər. Onlardan bir çoxlarının ədalət məsələsinə münasibəti biz şiələrin münasibətindən fərqlənir. İmamət prinsipi də bizim anladığımız mə`nada (qarşıda bu barədə ətraflı danışacağıq) yalnız biz şiələrin inanclarındandır.

İslamda haqqında danışılan əsaslardan əlavə məsələlər də var. Bu məsələlər “fürui-din” (dinin budaqları) adlanır. Füruidin on mövzudan ibarətdir: Namaz, oruc, xüms, zəkat, Həcc, cihad, əmr be mə`ruf (yaxşılığa də`vət), nəhy əz münkər (pisliyə qadağa), təvəlla (Allah dostları ilə dostluq), təbərra (Allah düşmənləri ilə düşmənçilik).

Üsulidinlə füruidin arasında ən mühüm fərq bundan ibarətdir ki, üsulidinə dəlillər əsasında inanmaq lazımdır. Hər bir insan varlıq aləmində baş verənlər haqqında düşünməli, ağıl və fitrətinə müraciət etməklə düzgün e`tiqad üçün müqəddimə hazırlamalıdır. Başqa sözlə, üsulidin təqlid yox, təhqiq olunası, araşdırılası

mövzulardan ibarətdir. Amma füruidin bölməsində insan mütəxəssisə müraciət etmək, təqlidlə uyğun vəzifələrini yerinə yetirə bilər. Məsələn, insan namazın qunutunda türkcə dua oxuya bilərmi? Gəlincik (dələkimilər fəsiləsindən olan məməli heyvan) və ya pinqivin əti yemək halaldırmı? İnsan uyğun hallarda mərcə alim və fiqhi məsələlərdə mütəxəssisə müraciət etməklə vəzifəsini öyrənə bilər. Amma varlıq aləminin yaradıcısı olan Allahın mövcud olub-olmaması məsələsi, yaradanın bir və ya çox olması kimi suallara cavab tapmaq üçün araşdırma aparmaq, varlıq aləmi ilə bağlı mütaliələr etmək lazımdır. Uyğun mövzulara yalnız dəlillər əsasında inanmaq olar.